Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 22 yanvar iclası barədə rəsmi məlumat yayılıb. Qeyd olunur ki, iclasda yanvarın 28-də vəkilliyə qəbul üzrə keçiriləcək imtahana hazırlıq işlərindən danışılıb: “Həmçinin “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub. Qərara görə, vəkillərə verilən vəsiqələr artıq üç il müddətinə deyil, qeyri-müəyyən müddətə – vəkilin səlahiyyəti müddətinə veriləcək.
İclasda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə əldə edilən razılığın mahiyyəti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı qanunvericilikdəki boşluqlar səbəbindən anlaşılmazlıqlar yaranırdı. Bir sıra hallarda vəkillər notariat orqanlarına həmin məsələ ilə əlaqədar müraciət edərkən onların üzərində vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda notariat orqanları həmin hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər. Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim olunub. Növbəti günlərdən üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.
O da diqqətə çatdırılıb ki, vəkillər müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayıb order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir. Fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Hər bir order nadir reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan vəkillər məhkəmədə baxılan işlə bağlı sübutların toplanması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib notariusa təqdim edir. Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün qəbul etmirdilər.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirlərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özlərinin təsdiq etdiyi orderlərin surətləri notariat orqanlarında qəbul ediləcək və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən verilən məlumata görə, bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək”.
İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq qərarlar qəbul olunub. Azadliq.info-nun məlumatına görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, ilahiyyatçı Taleh Bağırovun, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun və digər tanınmış məhbusların hüquqlarını müdafiə edən Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb. Buna vəkilin hüquqlarını müdafiə etdiyi Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin mətbuatda müsahibəsinin dərci səbəb olub. Fəxrəddin Mehdiyev müvəkkilinin açıqlamasını mətbuata ötürməkdə günahlandırılıb.
Cahangir Hacıyevin digər vəkili Aqil Layıcova töhmət verilib. Vəkillərin heç biri barələrində cəza qərarı verilən toplantıda iştirak etməyib.
Müsahibənin dərcinə görə vəkillərdən kollegiyaya baş prokurorun birinci müavini Rüstəm Usubov şikayət edib. O, vəkilləri istintaq sirrini yaymaqda təqsirli bilib.