Yanvarın 23-ü AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə Qazax Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Gözəl Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə tərəfi isə ittihamın əsassız olduğunu bildirərək Gözəl Bayramlıya bəraət verilməsini tələb edib.
Gözəl Bayramlı özü son sözündə bir daha ona qarşı cinayət işinin siyasi xarakterli olduğunu bildirib.
Gözəl Bayramlı ötən ilin may ayından həbsdədir. O, mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunun Şıxlı sərhəd məntəqəsində saxlanıb. Rəsmi məlumata görə, onun üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.
Mayın 26-da Gözəl Bayramlı Bakıya gətirilib, mayın 27-nə keçən gecə Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Gözəl Bayramlı qaçaqmalçılıqda ittiham olunur. Ona qarşı cinayət işi Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində başlanıb. Sonradan istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
İş üzrə məhkəmə prosesi 2017-ci ilin noyabrından başlanıb. Qazax Rayon Məhkəməsinin hakimi Ağarza Səmədovun sədrliyi ilə keçirilən proseslə əlaqədar Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasından Gəncə İstintaq Təcridxanasına köçürülüb.