İspaniyanın Kataloniya vilayətinin sabiq rəhbəri Karles Puçdemont yenidən hökumət başçısı postuna namizəd göstərilib. Novator.az-ın məlumatına görə, namizədlik məsələsinə bölgənin 135 yerlik parlamentində yanvarın 31-dək baxılacaq. Hökumət başçısı postuna təsdiq üçün ilk turda 68 səs gərəkdir. İkinci turda sadə səs çoxluğu bəs edir.
Karles Puçdemont 1962-ci ildə doğulub. Gənc yaşlarından Kataloniya millətçilərinə qoşulan Karles Puçdemont 2006-cı ildən professional siyasətlə məşğuldur. 2011-ci ildən Jirona şəhərinin meri olub. 2015-ci ildə Kataloniya parlamentinin deputatı seçilib. 2016-cı il yanvarın 10-dan Kataloniya prezidenti postunu tutub.
Kataloniya vilayətində ötən il dekabrın 21-də keçirilmiş növbədənkənar parlament seçkisində bölgənin müstəqilliyini istəyən qüvvələr qalib gələrək hökumət qurmaq haqqı qazanıb.
Ötən il oktyabrın 1-i vilayətdə keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Bunu əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib. Bundan sonra rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.
Kataloniya hakimiyyətində yer almış bir çox şəxsə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Onların arasında ötən il oktyabrın 30-dan Belçikanın paytaxtı Brüsselə sığınan Karles Puçdemont da var.
21 dekabr 2017-ci il seçkisində mandat alan blokların üçü Kataloniyanın müstəqilliyinə tərəfdardır. “Birlikdə Kataloniya uğrunda” blokunun başında Karles Puçdemont dayanır. Blok 135 yerlik parlamentə 34 mandatla keçib.
Solçu Respublikaçılar Partiyasına Kataloniya hökumətində Karles Puçdemontun müavini olmuş Oriol Junkeras rəhbərlik edir. Hazırda həbsdə olan Oriol Junkerasın partiyası parlamentdə 32 mandatla təmsil olunur.
İfrat solçu “Xalq birliyi” bloku da Kataloniyanın İspaniyadan ayrılmasına tərəfdardır. Bu qurum 4 mandat alıb.
Kataloniyanın İspaniyanın tərkibində qalmasını istəyən qurumlara gəlincə, Vətəndaşlar Partiyasına 37 mandat, Sosialist Partiyasına 17 mandat, Podemos Partiyasına 8 mandat, Xalq Partiyasına 3 mandat qismət olub.
Beləliklə, separatçılar yeni parlamentdə 70 mandatla, vahid İspaniya tərəfdarları 65 mandatla təmsil edilir.
Parlament yanvarın 17-də fəaliyyətə başlayıb, Solçu Respublikaçılar Partiyasından Roje Torren spiker seçilib.