Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı yanvarın 22-si Davosda forumun prezidenti Börge Brendlə görüşüb. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın olduğu, Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəyə turist axınının getdikcə artdığı bildirilib.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.
Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident həmin gün ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Finklə də görüşüb.
Lourens Fink deyib ki, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkəti 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkətidir. Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izləndiyini deyən Lourens Fink ümidvar olduğunu bildirib ki, yaxın illərdə Azərbaycan “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkənin investisiya imkanları ilə bir daha tanış olacağını bildirib.
İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu qeyd edib. Dövlət başçısı ölkədə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlardan danışıb, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt azad ticarət zonası layihələrinə toxunub, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu vurğulayıb.
İlham Əliyev Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, “Şevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer, “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten, “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi, “CİSCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramerlə də bir araya gəlib.