Alpinistlərin axtarışına əlavə qüvvələr cəlb olunub
- 23 Yanvar 2018
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Fövqəladə Hallar Nazirliyi “Gilavar” idman klubunun üzvlərinin axtarışlarını davam etdirir.
Novator.az xatırladır ki, “Gilavar”ın üç alpinisti bir aydır itkin düşüb. Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə 2017-ci il dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisindəki Xınalıq keçid məntəqəsindən Tufandağ zirvəsi istiqamətinə qalxıblar. Onların itkin düşdüyü dekabrın 27-də bilinib.
Yanvarın 22-də yayılan rəsmi məlumata görə, axtarış işlərini Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr aparır: “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri də yanvarın 21-dən axtarışlara qoşulub. Son günlər alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb. Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 metr yüksəklikdə) aparılır, əlavə məlumat veriləcək”.