Almaniyanın Regensburq Universitetinin bir qrup alimi müəyyən edib ki, insan hətta şüursuz şəkildə də informasiyanı yadda saxlaya bilər.
Əvvəllər iddia olunurdu ki, insanın beynindən böyük informasiya axını keçsə də, onun yalnız kiçik bir hissəsi yaddaşda uzun müddətə qalır. Amma Kristof Kubandnerin rəhbərlik etdiyi psixoloqlar komandası müəyyən edib ki, insan informasiyanı avtomatik, tez, təfərrüatı ilə və uzun müddətə yadda saxlayır. Həm də yadda saxlama həmin informasiyaya diqqət yetirməkdən və ya onu beyində saxlamaq niyyətindən asılı deyil.
Novator.az-ın məlumatına görə, almaniyalı alimlər 41 nəfərin iştirakı ilə eksperiment keçiriblər. Tədqiqat iştirakçılarına ekranda gündəlik həyatda istifadə olunan 128 əşyanın təsviri göstərilib. Şəklin hər biri an ərzində nümayiş olunub. Hər obyektin yuxarısında əşyaya heç bir aidiyyəti olmayan sözlər yazılıb. Eksperiment iştirakçılarına tapşırılıb ki, şəkillərə yox, sözlərə diqqət yetirsinlər və sözlər təkrarlandıqda düyməni bassınlar.
Təcrübə iştirakçıları təsvirlərin də yadda saxlanmasının testdən keçirildiyindən xəbərsiz olublar. Sonra onlara bir sıra şəkillər – bundan əvvəl gördükləri obyekt (məsələn, günəş eynəyi) və ilk dəfə nümayiş olunan, amma oxşar əşya (məsələn, başqa formalı günəş eynəyi) göstərilib. İştirakçılara iki əşyadan hansının onlara bundan əvvəl də göstərildiyini söyləmək tapşırılıb. Bunu dəqiq deyə bilməyənlərdən heç olmasa təxminlərini söyləmək xahiş edilib.
İnformasiyanın yadda saxlanmasının uzunmüddətli olmasını yoxlamaq üçün obyektlərin yarısı testin birinci mərhələsindən dərhal sonra, ikinci yarısı isə 24 saat sonra göstərilib. Təcrübə iştirakçılarının 77%-i birinci, 95%-i ikinci mərhələdən sonra bildirib ki, əşyaların hansının onlara bundan əvvəl də göstərildiyini dəqiq deyə bilməyəcək, bunu yalnız təxmin edə bilər. Halbuki nəticədə onların 48%-i birinci, 21%-i ikinci mərhələdən sonra həmin əşyaların əksərini düzgün müəyyən edə biliblər.
Alimlər belə nəticəyə gəliblər ki, insan şüurlu şəkildə olmasa belə əvvəl yaşadığı hər bir anı yaddaşında saxlamaq qabiliyyətinə malikdir.
Səidə Hüseynova