Hakim Respublika Partiyasının Ermənistan prezidentliyinə namizəd göstərdiyi Armen Sərkisyan Londona qayıdıb.
64 yaşlı Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.
Novator.az-ın məlumatına görə, yanvarın 21-də səfir səlahiyyətlərinin icrasını davam etdirmək üçün Yerevandan Londona qayıdan Armen Sərkisyan prezidentliyə namizəd olub-olmamaq barədə Böyük Britaniya paytaxtında düşünəcək. Fevralın əvvəlində onun Yerevana gələrək parlament fraksiyaları ilə görüşəcəyi bildirilir.
Respublika Partiyasından prezidentliyə namizədin Armen Sərkisyan olmasını partiya sədri, hazırkı dövlət başçısı Serj Sərkisyan təklif edib. Təklif yanvarın 18-də Respublika Partiyasının İcra Orqanında dəstəklənib.
Armen Sərkisyan yanvarın 19-da prezident Serj Sərkisyanla görüşündə deyib ki, prezidentliyə namizəd olmaq təklifi üzərində düşünmək üçün müəyyən vaxta ehtiyac var. O, qərar qəbul etməzdən əvvəl müxtəlif siyasi partiyalarla, elmi və intellektual qurumlarla, ictimai təşkilatlarla, iş adamları ilə məsləhətləşmələrə ehtiyac duyduğunu vurğulayıb. Armen Sərkisyan Dağlıq Qarabağ rəhbərliyi və diaspor nümayəndələri ilə də bir araya gəlmək fikrində olduğunu və yalnız bundan sonra qərar qəbul edəcəyini vurğulayıb.
Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir. Prezident 7 illiyə seçiləcək.
Hazırda Ermənistan parlamentinin 105 deputatı var. Ermənistan Respublika Partiyası 58, Sarukyan bloku 31, “Çıxış” bloku 9, Daşnaksütun Partiyası 7 mandatla təmsil olunur.
Prezidentliyə namizədi deputatların ən azı dörddə biri irəli sürür. Parlament üzvlərinin dörddə üçünün səsini toplayan şəxs prezident seçilir.
Birinci turda prezidenti seçmək mümkün olmasa, bütün namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu zaman prezident seçilmək üçün parlament üzvlərinin beşdə üçünün səsi gərəkdir.
Prezidenti ikinci turda da seçmək mümkün olmasa, ikinci turda ən çox səs toplamış iki namizədin iştirakı ilə üçüncü tur keçirilir. Üçüncü turda prezident seçilmək üçün deputatların yarıdan çoxunun səsini toplamaq lazımdır.
Bir şəxsin yalnız bir dəfə prezident seçilmək hüququ var. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.