Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri, Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev AZƏRTAC-a deyib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə quruma daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasitə sahibkarların şikayətlərinin sayı 2,2 dəfə azalıb: “Hesabat ilində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub. 163 müraciət şuranın səlahiyyətinə aid olmadığından araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin şikayətlər əsasən sahibkarların vermədiyi, sahibkarlıq fəaliyyətinə aid olmayan məsələləri əhatə edib.
Prezident yanında Apellyasiya Şurası səlahiyyətinə aid 154 müraciət alıb. 120 şikayət prosedur qaydalara əməl olunmadan, mərkəzi və ya yerli icra hakimiyyətlərinin apellyasiya şuralarında baxılmadan birbaşa Prezident yanında Apellyasiya Şurasına verildiyindən həmin orqanlara, onların apellyasiya şuralarına göndərilib.
Apellyasiya şuralarına göndərilmiş həmin şikayətlərdən 93-ü yerlərdə qanuni həllini tapdığından, mübahisə aradan qalxdığından onlardan təkrar şikayət verilməyib. Şuraya ünvanlanmış 7 müraciət isə təşkilati məsələlər şikayəti təmin olunmuş sahibkarların təşəkkürləri barədə olub.
2017-ci ildə Prezident yanında Apellyasiya Şurasının icraatına 27 şikayət götürülüb. Şurada baxılan işlərin sayı 2016-cı illə müqayisədə 12,9 faiz azalıb. Ötən il Prezident yanında Apellyasiya Şurasının icraatına götürülmüş 20 şikayət üzrə müvafiq qərarlar qəbul edilib, 3 müraciət şikayətçilərə qanunvericiliyin tələbi izah edilməklə baxılmamış saxlanıb, 2 müraciət baxışa çıxarılanadək öz həllini tapdığından geri götürülüb, 2 şikayət isə hazırda baxılma mərhələsindədir”.
Eldar Nuriyevin sözlərinə görə, Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları hesabat ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb: “Bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər. Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir.
İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilməsi, şikayətlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin apellyasiya şuralarına zəruri tapşırıqlar verilib”.
Administrasiya rəsmisi deyib ki, görülmüş tədbirlər nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarının hesabat göstəricilərində müsbət dinamika müşahidə edilib, mərkəzi icra hakimiyyəti orqanlarının apellyasiya şuralarının 55,5 faizinə, yerli icra hakimiyyətlərinin apellyasiya şuralarının 83,5 faizinə sahibkarlardan şikayət daxil olmayıb: “Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına verilən şikayətlərin sayında da xeyli azalma müşahidə edilib. 2017-ci ildə bu orqanların apellyasiya şuralarına cəmi 304 şikayət daxil olub. Həmin göstərici 2016-cı illə müqayisədə təqribən 1,7 dəfə azdır.
210 şikayət şuranın səlahiyyətinə aid olmadığından və digər əsaslarla onlara baxılmasından imtina edilib, 21 şikayət şuranın iclasına çıxarılanadək təmin olunduğundan geri götürülüb.
Hesabat ilində apellyasiya şuralarının icraatına 73 şikayət qəbul edilib. Həmin şikayətlərin 48 faizi (35 şikayət) təmin olunub, 37 faizi (27 şikayət) rədd edilib, 2,7 faizi (2 şikayət) üzrə yeni qərarlar qəbul edilib, 12,3 faizi (9 şikayət) hazırda baxılma mərhələsindədir.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 9 əməkdaşı sahibkarların müraciətlərinin araşdırılmasında qanun pozuntularına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub”.