Rusiya Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin Mərkəzi Seçki Komissiyasına gəlirləri və əmlakı barədə arayış təqdim edib. Novator.az-ın məlumatına görə, Pavel Qrudinin qeyd edib ki, son 6 ildə 157,4 milyon rubl gəlir əldə edib, 5 bank hesabında 5,9 milyon rubl pulu var. O, “Lenin adına sovxoz” QSC-də 1 milyon 993 min 233 səhmə sahib olduğunu da yazıb.
Hesabata görə, Pavel Qrudinin “TT Development” MMC-də 4% paya sahibdir.
MSK-ya təqdim olunan arayışda namizədin həyat yoldaşı İrina Qrudininanın maliyyə hesabatı da yer alır. Hesabata görə, son 6 ildə İrina Qrudinina 2,6 milyon rubl qazanıb.
Rəsmi arayışa əsasən, onun Moskva şəhərində 1, Moskva vilayətində 1 mənzili, “LEXUS” markalı 2 minik avtomobili, 11 bank hesabında 2 milyon 75,9 min rubl pulu var.
Namizədin həyat yoldaşı “TAİR” MMC-də 50% paya sahibdir.
Prezident seçkisi martın 18-də keçiriləcək. İndiyəcən Liberal Demokrat Partiyasının namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski də qeydiyyatdan keçib.
Novator.az bildirir ki, Vladimir Jirinovski Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi arayışda son 6 ildə 98 milyon 291 min rubl gəlir əldə etdiyini açıqlayıb.
Namizədin hesabatına görə, onun 2 torpaq sahəsi, 8 evi, 2 qarajı, 1 hovuzu, 1 təsərrüfat tikilisi var.
Vladimir Jirinovski 2014-cü ildə istehsal edilmiş “LADA 212140” markalı avtomobilinin də olduğunu bəyan edib.
Namizədin 19 bank hesabında ümumilikdə 29 milyon 896,1 rubl olduğu bildirilir.
Vladimir Jirinovski bəzi aksiyalara və digər qiymətli kağızlara da sahibdir.