ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) birgə bəyanat yayıblar. Bəyanatda həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Polşanın Krakov şəhərində yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, 18-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ayrı-ayrılıqda və birgə görüş keçirdikləri qeyd olunub: “Görüşdə nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılaşmaların həyata keçirilməsinin asanlaşdırılması üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tez başa çatdırılması üçün həmsədrlərin üzərində yenidən işlədiyi müvafiq konsepsiya sənədi ilə prinsip etibarilə razılaşıblar. Görüşlər zamanı tərəflər və həmsədrlər hazırda gündəmdə olan iş təkliflərindəki həssas məsələlər barədə fikir mübadiləsi aparıblar.
Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib və həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar. Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini ifadə ediblər”.
Krakovda keçirilən görüşlərdən sonra AZƏRTAC-a danışan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib: “Danışıqlar 6 saata yaxın davam etdi. Əvvəlcə mən ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüşlər başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə bir araya gəldim.
Görüş əsnasında həmsədrlər münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürüb. Bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.
Novator.az xatırladır ki, 1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini (Dağlıq Qarabağ vilayətini və ətraf 7 rayonu) işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.