Respublikaçı Alternativ (REAL) Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun müdafiəsinə əcnəbi vəkil qoşulub.
Bunu İlqar Məmmədovun vəkili Fuad Ağayev yanvarın 19-da bəyan edib.
Yeni vəkil Ceremi Makbrayt Böyük Britaniyadandır.
Meydan.tv-nin məlumatına görə, Fuad Ağayev deyib ki, Ceremi Makbrayt insan hüquqları sahəsində beynəlxalq təcrübəyə malikdir, uzun müddət məşhur “İnteradiz” təşkilatının rəhbəri olub: “Onun İlqar Məmmədovun müdafiəsinə qoşulması işin xeyrinə olacaq”.
Fuad Ağayev qeyd edib ki, ötən ilin sonlarından 2 saylı Cəzaçəkmə Müəssisəsində İlqar Məmmədova baş çəkməyə gələndə yoxlamaya məruz qalır: “Bu dəfə də ona göndərdiyim sənədlər bir sutkadan sonra verilib. Vəkillə müdafiə etdiyi şəxs arasında yazışmalar konfidensial xarakter daşımalı və senzuraya məruz qalmamalıdır. Bu xoşagəlməz yoxlama isə artıq adi xarakter almağa başlayıb”.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb. 2017-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün tədbir görməyə səsləyən qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib. Bu cavabdan sonra, dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edərək İlqar Məmmədovla bağlı qərarların icra olunub-olunmadığını öyrənmək üçün Avropa Məhkəməsinə sorğu göndərib. Sorğu məhkəməyə dekabrın 11-də çatıb. Sorğu ilə bağlı icraat Böyük Palataya, yəni ən ali quruma verilib. Böyük Palatanın sorğuya 2018-ci il martın 1-dək cavab verəcəyi gözlənir.
Böyük Palata İlqar Məmmədovun işində öhdəliyin pozuntusunu tanıyarsa, sənədlər Nazirlər Komitəsinə tədbirlər (sanksiyalar) görməsi üçün geri qaytarılacaq.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.