Ermənistanın hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb: Armen Sərkisyan.
Novator.az bildirir ki, Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.
1978-ci ildən Yerevan Dövlət Universitetində müəllim işləyib. 1984-1985-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində çalışıb. 1985-ci ildə Ermənistana qayıdıb və Yerevan Dövlət Universitetində fəaliyyətini davam etdirib.
Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir.
O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib.
1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.
Armen Sərkisyan “Knightsbridge Group” şirkətinin sahibidir. Bu şirkət Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda enerji, neft və qaz hasilatı sahəsində fəaliyyət göstərir.
Respublika Partiyasından prezidentliyə namizədin Armen Sərkisyan olmasını partiya sədri, hazırkı dövlət başçısı Serj Sərkisyan özü təklif edib. Təklif yanvarın 18-də Respublika Partiyasının İcra Orqanında səsə qoyulub və qəbul edilib. Partiyada ona alternativ namizəd olmayıb.
Armen Sərkisyanın hakim partiyadan prezidentliyə namizəd olduğunu ictimaiyyətə yanvarın 19-da Serj Sərkisyan elan edib.
2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir. Prezident 7 illiyə seçiləcək.
Ermənistanda və ətraf ölkələrdə belə bir qənaət var ki, Serj Sərkisyan aprelin 9-dan sonra baş nazir kürsüsündə əyləşəcək.
Serj Sərkisyan əvvəllər – 2007-ci ilin aprelindən 2008-ci ilin aprelinədək Ermənistanın baş naziri olub. O, Respublika Partiyasına həmin dövrdən – 2007-ci ildən sədrlik edir.
Hazırda Respublika Partiyası Ermənistan parlamentində 105 mandatdan 58-nə sahibdir. Hökuməti bu partiya 7 mandatı olan Daşnaksütun Partiyası ilə birgə qurub.
Ermənistan parlamentindəki müxalif “Çıxış” bloku prezidentliyə namizədini ötən ay müəyyənləşdirib. Blok seçkiyə deputat Artak Zeynalyanın namizədliyi ilə gedir.