İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bildirir ki, 2017-ci ildə 1950-dən çox investisiya layihəsi üçün 146 milyon manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır. Kreditlərin 65%-i regionların, 35%-i Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
Ötən il müasir istehsal, emal və infrastruktur sahələrinin yaradılması üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,4 milyon manat güzəştli kredit verilib.
Fondun son illər maliyyələşdirdiyi 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə 40-a yaxın bu cür müəssisənin açılması gözlənir”.
Hesabata görə, sahibkarlara güzəştli kreditlərin verilməsi 2018-ci ildə davam etdiriləcək, bu məqsəd üçün qaytarılan vəsaitlər hesabına 170 milyon manat kredit resursu təmin olunacaq.