2017-ci ildə xarici müəssisə və təşkilatlar Azərbaycan iqtisadiyyatına 8 milyard 607,4 milyon manat vəsait yönəldib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, bu vəsaitin 82,3 faizi Böyük Britaniya Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ və Çexiya sərmayədarlarına məxsus olub.
2017-ci ildə müəssisə və təşkilatların sayı 10,5 faiz artaraq 2018-ci il yanvarın 1-nə 118 min 594-ə çatıb. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələri əsasən Türkiyə (32,7 faiz), Böyük Britaniya (8,1 faiz), Rusiya (7,2 faiz), İran (6,9 faiz), ABŞ (3,3 faiz) və Almaniya (2,1 faiz) sahibkarları yaradıb.
Ötən il yeni yaradılmış müəssisə və təşkilatların 98,6 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,6 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 1,3 faizi dövlət mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan müəssisə və təşkilatların 54,4 faizi Bakıda yerləşir.
2018-ci ilin yanvarın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 minə yaxınlaşıb.
Fərdi sahibkarların 78,5 faizi kişilər, 21,5 faizi qadınlardır.