Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt, Şəki, Cəlilabad, Biləsuvar, Ağcabədi, Xəzər, Qaradağ, Neftçala, Hacıqabulda keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması), 590-cı (mülki silahın və döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) və 230-cu (heyvanlar aləmi obyektindən özbaşına istifadə edilməsi) maddələrinin tələblərini pozmuş 13 nəfər saxlanaraq inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 7 ov silahı götürülüb.
2017-ci il ərzində polis orqanlarının belə tədbirləri nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş 126 nəfər inzibati məsuliyyətə alınıb. Həmin şəxslərə tətbiq edilən cərimələrin məbləği 9850 manat təşkil edib.