Vergiler.az saytı İşsizlikdən Sığorta Fondunun fəaliyyəti ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, “İşsizlikdən sığorta haqqında” qanunda işsizlikdən sığorta məqsədilə işçinin əməkhaqqının 0,5%-i həcmində, sığortaedənin hesabladığı əməyin ödənişi fondunun 0,5%-i həcmində sığorta haqqının ödənməsi nəzərdə tutulur. Qanunda sığorta ödənişinin 3 növü – əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib.
Sığorta ödənişi işçinin sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%-i, sığorta stajı 10 ildən yuxarı olduqda 60%-i məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.
2018-ci ildən fəaliyyətə başlayan bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb. İşsizlikdən Sığorta Fondunun büdcə gəlirləri 89 milyon manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.
2018-ci ildə İşsizlikdən Sığorta Fondunun xərclərinin 37,6%-ni işsizliyə görə sığorta ödənişləri təşkil edəcək. Xərclərin 40,2%-i həcmində proqnozlaşdırılan özünüməşğulluq tədbirləri il ərzində 8 minə yaxın ailənin bu proqramla əhatə edilməsinə şərait yaradacaq.
İşsizlikdən Sığorta Fondunun xərclərinin 6,8%-i peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və digər aktiv əmək bazarı tədbirləri üçün nəzərdə tutulub.
Məşğulluq orqanlarının saxlanması xərcləri fondun xərclərinin 15,4%-ni təşkil edəcək.