Haqqında danışacağım kombinatın hazırladığı əyani vəsaitlərin sizin həyatınızda, ətraf mühiti qavramağınızda çox böyük rolu olub. Biz o vəsaitləri coğrafiya, botanika, təbiətşünaslıq, kimya dərslərində görmüşük. Söhbət Moskvadakı “Təbiətşünaslıq və məktəb” kombinatından gedir.
Bu kombinat sovet dövründə “Təbiət və məktəb” adlanıb. O, bütün Sovet İttifaqında məktəblər üçün əyani vəsaitlər – böyük və kiçik ölçülü qlobuslar, minerallar, həşəratlar, mulyajlar, maketlər və s. hazırlayan yeganə müəssisə olub. On illər boyu kombinat ölkə məktəblərini əyani vəsaitlə təmin edib və nəinki SSRİ-də, bütün dünyada məşhurlaşıb.
Kombinat XX əsrin əvvəllərində, təbiətşünaslıq elminə marağın və bununla əlaqədar əyani vəsaitlərə tələbatın artdığı dövrdə yaranıb.
Xaricdən gətirilən əyani vəsaitlər baha başa gəldiyinə və tələbatı tam ödəmədiyinə görə 1908-ci ildə Moskvada bir qrup gənc müəllim toplaşıb, öz gücləri və vəsaitləri hesabına “Təbiət və məktəb” şirkətinin əsasını qoyub. İlk dövrdə bu şirkət kiçik bir emalatxananı xatırladırmış.
Sovet dövründə müəssisə böyüyüb, genişlənib, nəhəng ustehsal sahəsinə çevrilib, nəinki Sovet İttifaqının hər yerinə, eyni zamanda dünyanın 50 ölkəsinə məhsul ixrac edib.
40 il bu müəssisədə işləmiş Zinaida Lazaryevanın sözlərinə görə, kombinatın işçiləri daima əllərindən gələni ediblər ki, onların hazırladığı məhsullar gözəl, yaraşıqlı olsun, şagirdləri təbiətşünaslıq elmini daha dərindən mənimsəməyə həvəsləndirsin.
Kombinatın sexlərindən ən maraqlısı mulyaj sexidir. Burada rəngbərəng almalar, sarı, bənövşəyi şaftalılar, parlaq sarı limonlar, xiyar, pomidor, çiyələk, moruq, üzüm və s. hazırlanır. Mulyajlar parafindən hazırlansa da, meşədə, bağlarda yetişən meyvələrdən baxımlı görünür.
Ən məsuliyyətli iş isə məhsulun yığılması və tədarük olunmasıdır. Bunlar Moskva kənarında həyata keçirilir. Sovet dövründə kombinatın Maykop, Adler, Almatı, Murmansk, Yaroslavl, Soçi və başqa şəhərlərdə 11 tədarük məntəqəsi olub. Kolleksiya üçün Ermənistandan, Gürcüstandan, Uraldan minerallar (ildə 500 tona yaxın), Murmanskdən dəniz faunası (yengəc, dəniz kirpisi, dəniz ulduzu və s.) tədarük olunub. Düşənbədən həşəratlar, ilan-qurbağalar, Leninqrad Balıq Təsərrüfatı İnstitutundan balıq, kürü kombinata göndərilib.
Moskva ətrafındakı qocaman botanika sahəsindən fauna və flora qurudularaq kombinata verilib.
Sovet İttifaqı çoxdan dağılıb. Vəsait hazırlamaq üçün özümüzdə şərait yaranıb. Odur ki, şəhərlərimizin birində dərs vəsaitləri hazırlayan kombinat yaradılmalıdır. Buna Azərbaycanın bütün məktəblərinin ehtiyacı var. İndi tədris proqramları və kitabları yeni şərait nəzərə alınaraq tərtib olunur. Nə üçün əyani vəsaitlər də yerli şəraitə uyğun olmasın? 11 iqlim qurşağından 9-u Azərbaycanımızın payına düşüb. Təbiət bizə hər bir sərvəti verib. Nə üçün onun bu səxavətindən istifadə edib kombinat yaratmayaq? Biz nəyə görə indiyədək Ermənistandan göndərilən minerallardan, Düşənbədən göndərilən həşəratlardan hazırlanmış kolleksiyalardan istifadə etməliyik? Məgər bizim öz fauna və floramız yoxdur? Azərbaycanda bu məhsulların hamısı var. Özü də artıqlaması ilə.
Ölkədə dərs vəsaitləri kombinatı qurulsa, bu, yeni iş yerlərinin yaradılmasına da kömək olacaq. Həm kombinatda, həm də tədarük məntəqələrində çoxlu iş yeri açılacaq.
Yeri gəlmişkən, son vaxtlar məktəblərdə əyani vəsaitlərdən az istifadə olunur, bəzən isə heç istifadə edilmir. Kompüter meydana çıxandan müəllimlər çalışır ki, hər şeyi kompüterdə göstərsinlər. Lakin şagirdlər bitkilərin eləcə şəklini görüb adını eşitməklə onu heç də yaxşı qavramırlar. Meyvəni sinfə gətirdikdə, ondan danışarkən uşaqların həmin meyvəyə toxunmasına imkan verdikdə bunun effekti qat-qat artıq olur, qavrama, yadda saxlama prosesi güclənir.
Mənə elə gəlir ki, Azərbaycanda Rusiyadakı “Təbiətşünaslıq və məktəb” tipli bir kombinat yaradılması barədə düşünməyin vaxtı çatıb.
Arif SADİQOV
Naxçıvan,
Ali dərəcəli kimya-biologiya müəllimi
Müəllifin başqa yazısı:
Siqaretin dəhşətləri