
Azərbaycan Bolqarıstanı necə xilas edir?
- 16 Yanvar 2018
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
“Avropa İttifaqı ilə yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir”. Prezident İlham Əliyev yanvarın 15-də Bolqarıstanın baş naziri Boyko Borisovla birgə keçirdiyi brifinqdə belə deyib.
Novator.az-ın məlumatına görə, Bakıya səfər edən baş nazirlə əvvəl təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşən İlham Əliyev mətbuata bəyanatında deyib ki, iki ölkənin əlaqələri çox uğurla inkişaf edir: “Biz siyasi sahədə fəal əməkdaşlıq edirik. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən dəfələrlə Bolqarıstanda səfərdə olmuşam. Cənab baş nazir Azərbaycana üçüncü dəfədir səfər edir.
Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik.
Danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları var. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıb. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulub. Bu layihənin icrası da 90 faizə çatıb. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir.
Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq biz bu gün cənab baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər.
Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaq. Bununla paralel olaraq digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanıb. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilib və əminəm ki, danışıqlar tezliklə başlanacaq.
Mən cənab baş nazirə məlumat verdim ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olub. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaq. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün”.
Baş nazir Borisova Bolqarıstanın Avropa İttifaqına sədrliyi ilə bağlı təbriklərini çatdıran prezident deyib: “Bu, Bolqarıstanın böyük uğurudur və böyük məsuliyyətidir. Əminəm ki, Bolqarıstan bu şərəfli missiyanı uğurla icra edəcək. Eyni zamanda Bolqarıstanın sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacaq, hazırda Avropa İttifaqı ilə yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir”.
Boyko Borisov bəyanatında deyib ki, Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb: “Xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin.
SOCAR-ın dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb. Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə danışırıq. Ümid edirik ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək. Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq. Əgər Azərbaycan prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək”.
Baş nazir qeyd edib ki, Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir: “Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, – nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, – bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır”.