Şəki Penitensiar Müəssisəsi məhbus jurnalist Əfqan Muxtarlını yaxınlarının yas mərasiminə buraxmaqdan imtina edib.
Əfqan Muxtarlı Şəki İstintaq Təcridxanasında saxlanır.
Vəkil Elçin Sadıqov yanvarın 15-də “Azadlıq” radiosuna deyib ki, Şəki Penitensiar Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Murtuz Sadıqov onun müraciətinə cavab verib. Cavab məktubunda jurnalisti yaxınlarının yas mərasiminə buraxmaq xahişinin qəbul olunmadığı bildirilib, eyni zamanda qeyd edilib ki, Əfqan Muxtarlı müəssisə rəhbərliyinin qəbulunda olub, ona hüquq və vəzifələri izah edilib.
Əfqan Muxtarlı ötən ilin mayında tutulub. Bu il yanvarın 12-də Balakən Rayon Məhkəməsi onu dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Hökm çıxarılandan bir neçə gün qabaq – ötən il dekabrın 31-də Əfqan Muxtarlının bacısı Nuranə Muxtarlı, onun qızı Milay və jurnalistin qardaşı Ramazan Muxtarlının övladı Fatimə Zaqatala şəhərində dəm qazından boğularaq ölüblər.
Qanun məhbusa yaxın qohumlarının ölümü zamanı yeddi gün müddətinə azadlığa buraxılmaq hüququ verir.
Əfqan Muxtarlının yaxınlarının dəfn mərasimində iştirak etmək istəyi də baş tutmamışdı.