Daxili İşlər Nazirliyində 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Yanvarın 15-də yayılan rəsmi məlumata görə, iclasda çıxış edən nazir Ramil Usubov deyib ki, ötən il Azərbaycan cinayətkarlıqla mübarizə baxımından MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında Azərbaycanın “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşması da diqqətəlayiq fakt kimi vurğulanıb.
Ramil Usubov deyib ki, 2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26113 cinayət qeydə alınıb: “Onların 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9,5, quldurluqlar 23,6, soyğunçuluqlar 16,6, dələduzluqlar 11,8, hədə-qorxu ilə tələb etmələr 10,5, xuliqanlıqlar 15,1, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb.
Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,6, ağır və xüsusilə ağır cinayətlərin açılması 2,8, quldurluqların açılması 8,6, soyğunçuluqların açılması 5,5, hədə-qorxu ilə tələb etmələrin açılması 0,3, oğurluqların açılması 6,4, dələduzluqların açılması 2 faiz yaxşılaşıb. Keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib”.
Nazir operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1726 cinayətin isti izlərlə açıldığını, 10607 hüquqazidd əməlin qarşısının alındığını vurğulayıb: “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 18132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanıb.
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 13 faiz çox təqsirləndirilən şəxs tutulub.
İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfərin və bu təşkilata üzv ölkələrdə axtarılan 39 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib”.
Daxili işlər naziri qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib: “Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə görülən işlər də ardıcıl olub. Nəticədə 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. Qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Ötən il hüquq mühafizə orqanları 32 min 500 cinayət işinin istintaqını aparıb, onların 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. İstintaqı tamamlanmış 9085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib”.