Milli Məclis deputatının mandatdan məhrum edilməsinin yeni qaydaları müəyyənləşib. Novator.az bildirir ki, Seçki Məcəlləsində prezident İlham Əliyevin imzası ilə rəsmiləşən yeniliyə görə, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda deputatın mandatdan məhrum edilməsi haqqında qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.
Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır.
İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.
Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı bu hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Ana qanunun 93-cü maddəsinin III hissəsinə görə, Milli Məclisin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.