Prezident: “Heç kimdən dilənmirik, heç kimə yalvarmırıq”
- 11 Yanvar 2018
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Nazirlər Kabinetinin 10 yanvar iclasında çıxış edən prezident İlham Əliyev 2017-ci ildə Azərbaycan iqtisadiyyatının artdığını vurğulayıb: “Ümumi daxili məhsul az da olsa artıb. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb.
2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.
Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar.
Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artıb, qeyri-neft ixracımız isə 24 faiz artıb. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlib. Bu da, təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir.
İdxal isə təqribən cəmi 1 faiz artıb və bu da təbiidir. Çünki Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir”.
Novator.az-ın məlumatına görə, dövlət başçısı 2017-ci ildə 221 min yeni iş yeri açıldığını deyib: “Onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanıb. Bu da təbii prosesdir. Ancaq eyni zamanda biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanıb.
İlin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir”.
İlham Əliyev deyib ki, 2017-ci ildə sosial infrastrukturla bağlı çox ciddi addımlar atılıb: “133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. İki olimpiya idman kompleksi istifadəyə verilib.
Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasətimizin təzahürüdür.
Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olub, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Eyni zamanda 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir”.
İlham Əliyev çıxışında Qarabağ məsələsinə də toxunub: “Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur.
Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olub. Onlardan biri Dağlıq Qarabağda separatist rejimin keçirdiyi qanunsuz “referendum”un tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar veriblər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır.
İlin sonunda Avropa İttifaqının Şərq tərəfdaşlığı zirvəsində qəbul edilmiş bəyannamədə də Şərq tərəfdaşlığına üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi birmənalı şəkildə dəstəklənib. Bu, işğalçı Ermənistana növbəti zərbə olub. Bu, ədalətin təzahürüdür və eyni zamanda onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. Hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilib. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılıb. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir.
Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib”.