2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməlidir. Bu, Seçki Məcəlləsinin tələbidir.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.
Siyasi təşkilatların bir çoxu bu il prezident seçkisinin vaxtından əvvəl keçirilməsini ehtimal etmir, buna əsas olmadığını deyir.
Novator.az bildirir ki, bu yaxınlarda Milli Məclis Seçki Məcəlləsinə bir sıra dəyişikliklər edib. Bu dəyişikliklərdən biri də konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisinin keçirilməsi haqdadır.
Hələlik prezident bu dəyişikliyi imzalamayıb. İndi qüvvədə olan qaydaya görə, vaxtından əvvəl prezident seçkisi prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda keçirilə bilər.
Hüquqşünas Hafiz Həsənov Novator.az-a şərhində qeyd edib ki, konstitusiyanın 101-ci maddəsinin hazırkı anlamına görə, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər: “Yəni istənilən mərhələdə növbədənkənar prezident seçkisi mümkündür. Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir və məhz bu imkan verir ki, dövlət başçısı hətta qanunlarda tənzimlənməsə belə, vaxtından əvvəl prezident seçkisi elan etsin. Bu, konstitusion hüquqdur.
Bununla belə, prezidentin növbədənkənar seçki elan etməsinin səbəbi olmalı və bu, hüquqi baxımdan əsaslı olmalıdır. Prezident dövlət başçısı kimi öz səlahiyyət müddətində xalqın iradəsini ifadə edir və bu səlahiyyət müddəti də ona xalqın iradəsinə uyğun olaraq konstitusiya ilə verilir. Prezident növbədənkənar prezident seçkisi elan etdikdə, təbii ki, bütün bunlar nəzərə alınmalıdır.
Ümumilikdə isə yaxşı olardı ki, 2016-cı ildə konstitusiyaya belə bir dəyişiklik edilərkən bunun konkret hansı hallarda baş verə biləcəyi də göstəriləydi. İndiki halda bunu qanunla da tənzimləmək mümkündür. Elə konstitusiyanın 101-ci maddəsinin VI hissəsində də göstərilir ki, bu maddənin (yəni bütövlükdə 101-ci maddədə təsbit olunanaların) tətbiqi qaydası qanunla müəyyən edilir.
Lakin konstitusiyada və qanunlarda dövlət başçısının növbədənkənar prezident seçkilərini elan etməsi ilə bağlı konkret hallar müəyyən olunmasa belə, prezident bu hüququndan istifadə edə bilər”.
Seçki vaxtı qabaqlasa…