Maliyyə Nazirliyinin 1 iyul 2017-ci ilə olan hesabatına görə, xarici dövlət borcu 7 milyard 172,6 milyon ABŞ dolları, borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 18,9 faiz təşkil edib. Novator.az bildirir ki, 1 yanvar 2017-ci ilə xarici dövlət borcu 6 milyard 913,2 milyon ABŞ dolları, borcun ÜDM-ə nisbəti 20,4 faiz olub. 6 ayda dövlət borcu 259,4 milyon dollar artıb.
2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2 milyard 262,7 milyon manat göstərilir.
Nazirlər Kabinetinin 10 yanvar iclasında çıxış edən prezident İlham Əliyev xarici borc məsələsinə toxunaraq deyib: “Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlılığını təmin edək.
Valyuta ehtiyatlarının həcmi və artması bizə iqtisadi müstəqillik verir. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə bağlı daha da ciddi siyasət aparmalıyıq. Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq.
Valyuta ehtiyatlarımızın artırılması bizə iqtisadi müstəqillik verir. Biz özümüz kreditlər veririk və xarici kreditləşmədən asılı deyilik. Hətta neftin qiymətinin çox aşağı səviyyədə olduğu bir vaxtda biz ölkə üçün strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin maliyyələşməsində heç bir yubanmaya yol vermədik və demək olar ki, bu layihə artıq başa çatmaq üzrədir. Odur ki, valyuta ehtiyatlarımızın yüksək səviyyədə olması iqtisadi müstəqilliyi gücləndirir. Bu da öz növbəsində bizim siyasi müstəqilliyimizi möhkəmləndirir.
Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Şimal-Cənub layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində, əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır. Biz önəmli strateji layihələrin icrası üçün xarici kreditlər də almışıq. Ancaq əgər bizim çox möhkəm iqtisadi vəziyyətimiz olmasaydı, bu kreditləri ala bilməzdik. Biz yaxşı xatırlayırıq ki, pulumuz olmayanda bizə kredit vermək istəyənlərin sayı çox deyildi, demək olar ki, yox idi. Elə ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fondunun vəsaiti artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin sayı çoxaldı və biz artıq bu seçimi edirik.
Bir sözlə, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil”.