Bu il Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Seçki Məcəlləsinə görə, prezidentin səlahiyyət müddəti başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 2018-ci ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü ayın 17-nə düşür.
Sonuncu prezident seçkisi 2013-cü il oktyabrın 9-da keçirilib. 5 il müddətinə seçilmiş prezidentin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. 2018-ci ildə seçiləcək prezident 2025-ci ilədək dövlət başçısı olacaq.
Konstitusiyanın 101-ci maddəsinə 2016-cı ildə edilmiş dəyişiklik dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək hüququ verir. Bu halda seçki 60 gün müddətində keçirilməlidir.
Siyasi təşkilatlar prezident seçkisinin vaxtından əvvəl keçirilməsini ehtimal edirmi və buna hazırdırlarmı?
Novator.az-ın sualına Müsavat Partiyasının prezidentliyə namizəd irəli sürdüyü sabiq başqan İsa Qəmbərin cavabı qısa olub: “Sağlıq olsun”.
Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, dövlət başçısının növbədənkənar seçki təyin etməsi üçün əsas olmalıdır: “Belə bir əsas isə yoxdur”.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hesab edir ki, ölkədə növbədənkənar seçki keçirilməsi üçün heç bir əlamət görünmür: “Əlbəttə, növbədənkənar seçki təyin etmək hüququ prezidentə aiddir, istənilən vaxt bunu edə bilər. Amma indiki mərhələdə vaxtından əvvəl seçki keçiriləcəyinə inanmıram. Çox güman ki, prezident seçkisi vaxtında – Seçki Məcəlləsinə uyğun olaraq oktyabr ayında baş tutacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli Novator.az saytının sualını belə cavablandırıb: “Biz fəaliyyətimizi ehtimallar üzərində deyil, konkret faktlar üzərində qururuq. Prezident seçkisi barədə qərarı Mərkəzi Seçki Komissiyası verəcək. Qərar veriləndə hamı kimi biz də məlumatlı olacağıq. Hazırda növbədənkənar seçki keçirilməsi üçün nə hüquqi əsas var, nə də siyasi əsas”.
Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı vaxtından əvvəl seçki ehtimalını mümkün sayır. O, Novator.az-a deyib ki, Azərbaycan hakimiyyəti adətən məsələləri müzakirə keçirmədən, ictimaiyyətin rəyini əsas götürmədən həll edir: “Bizim namizədimiz, REAL-ın lideri İlqar Məmmədov həbsdədir. Hakimiyyət hər şey edir ki, o, həbsdə qalsın, təşkilatımızın partiyaya çevrilməsini nəzərdə tutan qurultay olmasın, namizədlik qurultayda irəli sürülməsin. Gələcək prezident seçkisini indidən qeyri-demokratik adlandırmaq olar, çünki hakimiyyətin əsas rəqibi həbsdə saxlanır”.