Bir qrup jurnalist Quba dağlarında itkin düşmüş alpinistlərin axtarıldığı ərazi ilə tanış olmaq üçün bölgəyə səfər edib.
Səfərin təşkilatçısı Fövqəladə Hallar Nazirliyidir.
Yanvarın 9-da alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda mətbuat konfransı keçirilib.
AZƏRTAC-ın məlumatına görə, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə mətbuat konfransında deyib ki, alpinistlərin axtarışı onlar tapılanadək davam etdiriləcək: “Nazir Kəmaləddin Heydərovun bununla bağlı göstərişi var”.
APA-nın məlumatına görə, nazir müavini deyib ki, alpinistlərin axtarışında ancaq peşəkarlar iştirak etməlidirlər: “Burada avstriyalı mütəxəssislər iştirak edirlər. Onlar deyirlər ki, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparılmır. İtkin düşən alpinistlər ən asan – “B-1” marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanıb, orada alpinistlərə rast gəlinməyib”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vurğulayıb ki, alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır: “Alpinistlərin itkin düşdüyü ərazi “Şahdağ” Milli Parkının ərazisinə düşür. Milli parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur”.
Son 10 ildə 400-dən çox alpinistin dağa qalxmaq üçün icazə aldığını söyləyən Firdovsi Əliyev qeyd edib ki, ilk dəfədir belə bədbəxt hadisə baş verir.
Alpinistlərin axtarışına cəlb edilmiş Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib ki, axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşənlərin tapılması üçün əllərindən gələni edirlər: “Lakin ərazidəki qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir. Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı”.
Xatırladaq ki, üç alpinist itkin düşüb: 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə. Onlar “Gilavar” idman klubunun üzvləridirlər.
2017-ci il dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisindəki Xınalıq keçid məntəqəsindən Tufandağ zirvəsi istiqamətinə qalxan alpinistlərin itkin düşdüyü dekabrın 27-də bilinib. Həmin gündən axtarış-xilasetmə əməliyyatına başlanıb. İtkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanıb.
Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllülər qatılıb.
Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına görə, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoroloji şəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr var. Bu səbəbdən fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirlərini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.