Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi qaydası”nı təsdiq edib. Novator.az bildirir ki, qaydaya görə, ödəniş almaq hüququna dövlət orqanının və ya hüquqi şəxsin ləğvi və ya işçilərin sayının, ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər malikdir.
İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə bu faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır.
Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.
Sığorta ödənişi sığortaolunanların işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.
Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi, lakin ümumilikdə 20 faizindən çox olmamaq şərti ilə artırılır.
Sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişi minimum məbləğdə təyin edilir. Minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq bu faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir: ilk 2 təqvim ayı üçün – 100 faiz; 3-4-cü təqvim ayları üçün – 80 faiz; 5-6-cı təqvim ayları üçün – 70 faiz.
Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Bu zaman təyin olunan sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə olur.