Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 6-da xidməti müşavirə keçirib. Rəsmi məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər kateqoriyalardan olan məsul zabitlər də cəlb olunub.
Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikində səsləndirilən fikirləri, eləcə də Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları xüsusi qeyd edən nazir 2017-ci ildə cəbhə xəttindəki vəziyyətin təhlilini apararaq cari ildə qarşıda duran vəzifələri bir daha şəxsi heyətin diqqətinə çatdırıb.
Zakir Həsənov yeni tədris dövrünə hazırlıq məqsədilə qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.
2017-ci ilin son günü, yanvarın 1-nə keçən gecə xalqa bayram təbriki ilə müraciət edən prezident İlham Əliyev Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı deyib ki, ölkənin xarici siyasətinin əsas məsələsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir: “Bu istiqamətdə nəticələr olmasa da, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejimin keçirdiyi qondarma “referendumu” dünya ictimaiyyəti qəbul etmədi. Qonşu ölkələr, Avropa İttifaqı, bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq mənfur qonşular bizim tarixi, dini abidələrimizi məhv edib və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.
İkinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistanın irəli sürdüyü heç bir şərt qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir.
Bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşayıblar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpaqlarına qayıtdılar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşuların dağıtdığı Şuşa məscidinin bənzəri olan məscid tikilib.
Bu il məcburi köçkünlərin problemlərinin həlli işində digər çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş verib. Vaxtilə işğal altında olmuş Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılıb. Bu önəmli hadisə bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları salınır və minlərlə köçkün bu torpaqlara qayıdır.
Bizim hərbi potensialımız bu il də diqqət mərkəzində olub. Ordumuz üçün nə lazımdırsa onu da həll etdik. Bu gün bütün beynəlxalq reytinqlər göstərir ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bunu bilir və bilməlidir. Bundan sonra da ordu quruculuğu üçün bütün lazımi tədbirlər görüləcək, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaq”.