Müsavat Partiyası Şirvan təşkilatının həbsdə olan sədri Əlikram Xurşidova yeni ittiham irəli sürülüb. Bu, yekun ittihamdır, belə ki, ibtidai istintaq başa çatmaq üzrədir.
Əlikram Xurşidovu ötən il noyabrın 22-də Şirvan polisi tutub. İki sutkaya yaxın polis şöbəsində saxlandıqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci və 221.3-cü maddələri ilə cinayət işi qaldırılıb. Noyabrın 24-də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Yekun ittihamda 221.3-cü maddə saxlanıb, 221.2.2-ci maddə isə cinayət işindən çıxarılıb. Eyni zamanda işə yeni maddə – Cinayət Məcəlləsinin 315.2-ci maddəsi əlavə olunub.
Novator.az Əlikram Xurşidovun vəkili Nemət Kərimliyə istinadla bildirir ki, bu, ittihamın ağırlaşdırılması deməkdir. Çünki 221.2.2-ci maddədə nəzərdə tutulan əməl (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törədilməsi) 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 315.2-ci maddədə nəzərdə tutulan əməl (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221.3-cü maddədə göstərilən əməl (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) də 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, Əlikram Xurşidova qarşı irəli sürülən yekun ittihamda 3 ildən 7 ilədək müddətə həbsi nəzərdə tutan iki maddə (221.3-cü və 315.2-ci maddələr) yer alır.
Əlikram Xurşidov hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanır.
Müdafiə tərəfi ittihamları əsassız sayır və Əlikram Xurşidovun əslində sosial şəbəkədə hakimiyyəti tənqid etdiyinə görə tutulduğunu bəyan edir.