Yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezident Mixail Saakaşviliyə qiyabi hökm çıxarıb. Novator.az-ın məlumatına görə, sabiq prezident bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 3 il azadlıqdan məhrumetmə cəzası alıb.
Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar. Sabiq prezidentə məhz buna görə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı verilib.
Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də Tbilisidə anadan olub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.
1992-ci ildən Gürcüstanda hüquqşünaslığa başlayıb, sonrakı illərdə Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb. Osloda Norveç İnsan Hüquqları İnstitutunda, Nyu-Yorkda hüquq firmasında çalışıb.
1995-ci ildə Mixail Saakaşvili Gürcüstana qayıdıb, iki dəfə parlamentin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri təyin olunub.
2001-ci ildə prezident Eduard Şevardnadzeni korrupsiyada günahlandıraraq nazir vəzifəsindən istefa verib. 2002-ci ildən Tbilisi meri postunu tutub.
2003-cü ildə Eduard Şevardnadze hakimiyyətinə qarşı xalq hərəkatına başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.
2013-cü ildə Mixail Saakaşvili ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb və sabiq prezident beynəlxalq axtarışa verilib.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, 30 may 2015-ci ildən 10 noyabr 2016-cı ilədək Odessa vilayətinin qubernatoru olub.
Hazırda Mixail Saakaşvilinin vətəndaşlığı yoxdur. O, 2015-ci ildə Gürcüstan vətəndaşlığından, 2017-ci ildə Ukrayna vətəndaşlığından çıxarılıb.
Mixail Saakaşvili Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparır. Ötən ilin sonunda Ukraynada Mixail Saakaşviliyə cinayətə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət törətməsi, cinayət təşkilatları üzvləri ilə davamlı işbirliyi və onların cinayət fəaliyyətini ört-basdır etmək ittihamları verilib.