Kənd Təsərrüfatı Nazirliyi 2017-ci ilin bitkiçilik nailiyyətləri ilə bağlı rəsmi məlumat yayıb. Açıqlamada qeyd olunur ki, 2017-ci ilin məhsulu üçün 1665,7 min hektar (çoxillik əkmələrsiz) sahə əkin altında istifadə edilib: “Əkin sahələrinin 58,6 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 9,2 faizini kartof, tərəvəz və bostan bitkiləri, 10,8 faizini texniki (pambıq, tütün, şəkər çuğunduru, günəbaxan və s.) bitkilər, 21,4 faizini yem bitkiləri təşkil edib.
Hesabata görə, 2017-ci ildə əvvəlki ilə nisbətən dən üçün qarğıdalı istehsalı 3 faiz, dən üçün günəbaxan istehsalı 75,2 faiz, kartof istehsalı 1,1 faiz, tərəvəz istehsalı 10,9 faiz, şəkər çuğunduru istehsalı 44 faiz, tütün istehsalı 41,1 faiz, meyvə və giləmeyvə istehsalı 5,4 faiz, üzüm istehsalı 8,4 faiz çox olub: “Ölkədə kartof, tərəvəz-bostan və meyvə məhsullarının tələbatdan artıq istehsal edilməsi bu məhsulların xarici dövlətlərə ixrac olunması imkanlarını artırıb. Yanvar-noyabr ayları ərzində 57,6 min ton kartof, 214,9 min ton tərəvəz-bostan, 220,3 min ton müxtəlif meyvə məhsulları ixrac edilib, ölkəyə buna görə 453 milyon ABŞ dolları məbləğində vəsait daxil olub”.
Nazirlik bildirir ki, yanvarın 4-nə olan operativ məlumata əsasən, 207 min tona yaxın pambıq yığılıb, bu da ötən illə müqayisədə 2,4 dəfə çoxdur.
Baramaçılıqda 3,5 dəfə artım olduğu bildirilir.