Yanvarın 5-i Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə müdafiə tərəfi bəyan edib ki, bir neçə gün öncə Əfqan Muxtarlının yaxınları faciəvi şəkildə həlak olub. Müdafiə tərəfi bunun nəzərə alınmasını, jurnalistin doğmaları ilə görüşə bilməsi və yas mərasimində iştirak etməsi üçün həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Bastainfo.com-un məlumatına görə, prosesdə müdafiə tərəfi Əfqan Muxtarlının məsələsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin 31 may 2017-ci il bəyanatının və adam oğurluğu motivi ilə bu ölkədə başlanmış cinayət işinin araşdırmasını Gürcüstanın Baş Prokurorluğunun öz üzərinə götürməsi barədə 21 iyun 2017-ci il açıqlamasının iş materiallarına əlavə olunması haqda da vəsatət qaldırıb. Bu vəsatət təmin olunub, həmin sənədlər Azərbaycan və gürcü dillərində məhkəmədə baxılan materiallara əlavə edilib.
Balakən Rayon Məhkəməsində Əfqan Muxtarlının işinə hakim Hümbət Səlimov baxır.
Məhkəmədə jurnalistin hüquqların vəkillər Nemət Kərimli və Elçin Sadıqov qoruyurlar.
Novator.az bildirir ki, Əfqan Muxtarlı 9 yanvar 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. İbtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
2017-ci il dekabrın 31-də Zaqatala şəhərində, Əfqan Muxtarlının bacısı Nuranə Muxtarlının evində faciə baş verib. Nuranə Muxtarlı, onun qızı Milay və jurnalistin qardaşı Ramazan Muxtarlının övladı Fatimə dəm qazından boğularaq ölüblər.
Qanun məhbusa yaxın qohumlarının ölümü zamanı yeddi gün müddətinə azadlığa buraxılmaq hüququ versə də, Əfqan Muxtarlı bu hüquqdan da yararlana bilməyib.
Əfqan Muxtarlı hazırda Şəki İstintaq Təcridxanasında saxlanır.