Milli Məclisin 29 dekabr iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qəbul olunub. Qanun Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Novator.az bildirir ki, qanuna görə, Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.
Silahlı Qüvvələrin əsas vəzifələri qanunda belə sıralanır:
– Azərbaycan Respublikasına qarşı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq;
– əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;
– hərbi idarəetmə orqanlarının, qoşunların (qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığını təcavüzün qarşısının alınmasını təmin edəcək səviyyədə saxlamaq;
– konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;
– Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək;
– əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək;
– fövqəladə halların aradan qaldırılmasında iştirak etmək;
– Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət obyektlərini mühafizə etmək;
– azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək;
– hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək;
– hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək;
– səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlər kompleksini təkmilləşdirmək;
– peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq;
– beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq;
– beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək;
– Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi (bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək;
– ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək.
Səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin dövlətin hərbi təhlükəsizliyi və silahlı müdafiəsi üzrə mərkəzləşdirilmiş birgə fəaliyyəti Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının qərarları və ali baş komandanın əmrləri əsasında həyata keçirilir.
Silahlı Qüvvələrə ümumi rəhbərliyi ali baş komandan həyata keçirir.
Səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığına daxil olan vəzifəli şəxslər arasında səlahiyyət bölgüsünü ali baş komandan aparır.
Silahlı Qüvvələrin maliyyə təminatı dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
Silahlı Qüvvələrin şəxsi heyəti hərbi qulluqçulardan, dövlət qulluqçularından və digər mülki işçilərdən ibarətdir.
Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti ali baş komandan həyata keçirir.
Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirirlər.
Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 9 oktyabr 1991-ci il qanunu ləğv edilir.