Mərkəzi Bank 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub.
Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.
Ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nail olmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordinasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsilə mümkündür. Bütövlükdə formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək”.
Mərkəzi Bank bildirir ki, 2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşıb: “Tədiyyə balansının
2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 milyard ABŞ dolları həcmində profisitlə əvəzlənib. Cari əməliyyatlar hesabında ÜDM-in 3,8%-i səviyyəsində profisit qeydə alınıb. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında qiymətinin artımı ilə bağlı deyil. Makroiqtisadi korreksiya ilə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 36% ucuzlaşması və diversifikasiya tədbirləri nəticəsində son bir neçə ildə mal və xidmət idxalının əhəmiyyətli azalmasına paralel olaraq qeyri-neft ixracının genişlənməsi cari hesabın yenidən profisitə çıxmasını təmin edib. Əmtəə idxalı 3,5% azalıb, qeyri-neft əmtəə ixracı isə 31,3% artıb. Ticarət balansı ilə yanaşı xidmət balansında da pozitiv meyllər müşahidə edilir. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri 2,5 dəfə azalıb, turizm xidmətlərində müsbət saldo yaranıb.
Kapitalın və maliyyənin hərəkəti balansı da profisitli olub, birbaşa və portfel investisiyalar üzrə müsbət saldo digər investisiyalar üzrə kəsiri tam örtüb.
Tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3% artıb və 42,6 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5,2 milyard ABŞ dollarına çatıb.
Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib”.
Bəyanata görə, 2017-ci ilin 11 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 10,5% artıb.
2018-ci ilə gəlincə, Mərkəzi Bank bildirir ki, hökumətin son proqnozlarına görə, 2018-ci ildə real artım tempi ümumi ÜDM üzrə 1,5%, qeyri-neft sektoru üzrə isə 2,9% olacaq: “Dövlət tələbi iqtisadi artımın əsas amillərindən biri olaraq qalacaq. 2018-ci ildə dövlət büdcəsi xərclərinin başlıca olaraq investisiya xərcləri hesabına artırılacağı nəzərdə tutulur, bu da qeyri-neft sektorunda artımı dəstəkləyəcək.
Proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) tədiyyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənir. İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcək. Kapital və maliyyənin hərəkətinə isə əsasən iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir göstərəcək”.
Qeyd olunur ki, Mərkəzi Bank sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.