“Rusiya MDB-də birləşdirici rol oynayır”. Dekabrın 26-sı Moskvada, MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən prezident İlham Əliyev belə deyib.
Çıxışını Rusiya prezidenti Vladimir Putinə xitabən quran İlham Əliyev qeyd edib ki, 2017-ci ildə MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb: “Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir. Biznes həmişə proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil. MDB məkanında müşahidə etdiyimiz müsbət meyllər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan verib.
Rusiya MDB-də birləşdirici rol oynayır. Sizin rəhbərliyiniz altında Rusiya sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında sabitlik təmin edilib. Bu sabitlik ictimai razılığa əsaslanır. Rusiya xalqının qarşıdakı prezident seçkisində düzgün seçim edəcəyi, fikrimcə, Azərbaycanda heç kəsdə şübhə doğurmur. Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı Sizin adınızla bağlıdır. Bu gün bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu münasibətləri hər iki tərəf belə səciyyələndirir və çox müsbət artım dinamikasına malikdir.
İctimai-siyasi sabitlik olmadan uğura nail olmaq mümkün deyil. Biz son illərdə kifayət qədər qanlı hadisələrin, toqquşmaların, ədavətin, dinlərarası qarşıdurmaların, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olmuşuq. Buna görə də mövcud beynəlxalq mənzərə bir daha Sizin həyata keçirdiyiniz kursun doğruluğunu göstərir. Bu gün Rusiya sabitləşdirici amildir. Əlbəttə, bir daha demək istəyirəm, yaxın qonşu, dost və tərəfdaş kimi biz, təbii ki, Rusiyada baş verən prosesləri çox maraqla izləyirik.
Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir”.