Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan şəxslərin 2-ci qrupuna hökm oxunub.
“Report”un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə “Müsəlman birliyi” adlı hərəkatın sədr müavini Elçin Qasımov və Ağa-Əli Yəhyayevin hər biri 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış və İsa İbrahimovun hər biri 12 il 6 ay, Ramil Əliyev, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin hər biri 12 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. 2 polis əməkdaşının, 4 qəsəbə sakininin həlak olduğu əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb. Qarşı tərəf ittihamları rədd edir.
Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrupdan Taleh Bağırov və Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Ramin Yarıyevin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu qrupa hökm 2017-ci il yanvarın 25-də oxunub.
3-cü qrupun işi üzrə hökm dekabrın 6-da elan olunub. “Müsəlman birliyi” adlı hərəkatın üzvləri Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Faiq Allahverdiyev, Mehman Quliyev, Elman Ağayev, Mübariz İbrahimov və Ramin Seyfullayevin hər biri 13 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyatov və Elxan Həsənovun hər biri 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.