Təhsil Nazirliyinin yeni hesabatına görə, 2017-ci ildə 41 min 360 müəllim diaqnostik qiymətləndirmədən keçib. Bildirilir ki, 2014-cü ildən bəri proses 140 minədək müəllimi əhatə edərək başa çatıb.
2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı artırılıb. 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı isə 1 yanvar 2018-ci ildən artırılacaq.
Nazirlik bildirir ki, 2017-2018-ci dərs ili üçün müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş müsabiqədə iştirakı məqsədi ilə 49335 nəfər Miq.edu.az saytında qeydiyyatdan keçib. 47000 nəfər test imtahanına buraxılıb. Test imtahanında 40000 nəfər iştirak edib. Müsabiqənin 1-ci turunun nəticəsinə görə, müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 4454 nəfər, 2-ci turun nəticəsinə görə isə 1058 nəfər olub.
Prezidentin 16 yanvar 2015-ci il sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılır. Artımın hesablanması Nazirlər Kabinetinin 2016-cı il aprelin 1-dən qüvvəyə minən qərarına əsasən aparılır.
Bu il avqustun 23-də dövlət başçısı İlham Əliyev müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması sərəncamına əlavə edib. Yeni sərəncamla dövlət başçısı Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimləri diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutmağı tapşırıb. 2018-ci il yanvarın 1-dən həmin müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.