Məhbus bloqçu Mehman Hüseynov “Nərgiz” mükafatına layiq görülüb.
“Nərgiz” mükafatı dünyadan vaxtsız köçmüş gənc müsavatçı Nərgiz Yaqublunın xatirəsini əbədiləşdirmək məqsədilə, onun vəfat etdiyi il təsis olunub.
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 2015-ci ilin aprelində vəfat edib.
Mükafatın əvvəlki qalibləri də gənc məhbuslar olub. 2015-ci ildə mükafata İlkin Rüstəmzadə, 2016-cı ildə Qiyas İbrahimov və Bayram Məmmədov layiq görülüb. Onların hamısı hələ də həbsdədir.
Dekabrın 27-də Müsavat Partiyasının mərkəzi qərargahında siyasətçilərin, ictimai-siyasi fəalların iştirakı ilə keçirilən toplantıda Müsavat başqanı Arif Hacılı Mehman Hüseynovun layiq görüldüyü mükafatı məhbus bloqçunun valideynləri Rafiq və Firəngiz Hüseynovlara təqdim edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib. Müdafiəçiləri ittihamı qəbul etmir, Mehman Hüseynovun bloqçu fəaliyyətinə görə tutulduğunu bildirirlər.
Şəkillər Bastainfo.com saytınındır