Bakı Şəhər Statistika İdarəsi sosial-iqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-noyabr aylarında sənayedə istehsal və xidmətlərin həcmi 3,7 faiz azalaraq 29,9 milyard manat təşkil edib.
Sənaye məhsulunun 81,5 faizi mədən sektorunda istehsal olunub. Hesabata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 81,2 faizdir.
11 ayda Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün əsas kapitala 12 milyard 331,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz az vəsait yönəldilib. Ümumi sərmayənin 35,1 faizi dövlət, 64,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin 11 ayına nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 16601 milyon manata çatıb.
İctimai iaşə dövriyyəsinin həcminin real ifadədə 3,4 faiz artaraq 810,1 milyon manat olduğu bildirilir.
Yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 4 milyard 553 milyon manat olub.
Hesabata görə, yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,7 faiz artaraq 782,9 manata yüksəlib.
Nəqliyyat müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 853,6 manat, rabitə müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı isə 1103,7 manat göstərilir.