Vəkil Zibeydə Sadıqova dekabrın 27-də paytaxt polisinin inzibati həbs məntəqəsində sabiq müdafiə naziri Rəhim Qazıyevlə görüşüb.
Dekabrın 25-də Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının saxladığı Rəhim Qazıyevə dekabrın 26-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib.
“Amerikanın səsi”nə açıqlamasında vəkil deyib ki, keçmiş nazir İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib: “Rəhim Qazıyev bildirdi ki, dekabrın 25-də “Nəriman Nərimanov” metro stansiyası yaxınlığındakı parkda tutulub. Onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə aparıblar. Orada saxlanmasının səbəbi barədə heç nə deməyiblər. Dekabrın 26-sı saat 11-də Rəhim Qazıyev Nərimanov Rayon Məhkəməsinə gətirilib. Məhkəmədə deyiblər ki, guya 74 yaşlı keçmiş nazir küçədə telefonla danışarkən ucadan söyüş söyüb. Rəhim Qazıyev məhkəmədə bildirib ki, danışdığı bütün telefon nömrələri telefonunun yaddaşında var. Vəsatət qaldırıb ki, telefonla danışdığı adamlar məhkəməyə çağırılsın və soruşulsun ki, kimə söyüş söyüb. Onun vəsatəti təmin edilməyib”.
Vəkilin sözlərinə görə, Rəhim Qazıyev həbsini son tənqidi müsahibələri ilə əlaqələndirir. Amma vəkil onu da qeyd edib ki, polisdə və məhkəmədə olanda keçmiş nazirlə müsahibələri barədə heç bir söhbət aparılmayıb.
Məhkəmə prosesi zamanı Rəhim Qazıyevin hüquqlarını müdafiə etmək üçün dövlət tərəfindən vəkil təyin olunub: “Rəhim Qazıyev mənimlə müqavilə bağlandığını məhkəmənin diqqətinə çatdırıb və dövlətin təyin etdiyi vəkildən imtina edib. Lakin məhkəmə onun imtinasını nəzərə almayıb”.
“Azadlıq” radiosuna açıqlamasında Zibeydə Sadıqova deyib ki, müdafiə tərəfi Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək: “İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə, 65 yaşdan yuxarı şəxslər inzibati cəzaya məruz qoyula bilməz. Rəhim Qazıyevin isə 74 yaşı var”.
1943-cü ildə Şəkidə doğulan Rəhim Qazıyev Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından olub. 1990-cı ilin 20 Yanvar qırğınından sonra bir müddət həbsdə yatıb. Azadlığa çıxandan sonra parlamentin deputatı seçilib.
1992-ci ilin martından 1993-cü ilin fevralınadək müdafiə naziri postunu tutub. 1993-cü ildə həbs olunub. 1994-cü ildə həbsdən qaçırılıb. 1996-cı ildə yenidən həbs edilib. Ömürlük həbsə məhkum edilən Rəhim Qazıyev 2005-ci ildə əfv olunub.