Azərbaycanın özəlləşdirmə sistemində yenilik tətbiq olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi məlumatına görə, əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac yoxdur – evdən, iş yerindən, hətta xarici ölkədən internet vasitəsilə hərraca qatılmaq mümkündür.
Elektron hərrac ilk dəfə dekabrın 26-da keçirilən hərracda tətbiq edilib, dövlət əmlakının 4-ü elektron hərrac vasitəsilə özəlləşdirilib (Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı nəqliyyat vasitəsi).
Ümumilikdə 26 dekabr hərracında 22 dövlət əmlakı sahibini tapıb. Bunların 2-si kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, digər şəhər və rayonlar üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Paytaxtın Nəsimi rayonundakı 25 kvadratmetrlik qeyri-yaşayış sahəsinin start qiyməti 3 min 500 manat olsa da, əmlak 10 min 500 manata sahibini tapıb. Eyni rayondakı 15,2 kvadratmetrlik digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min 250 manat olub, təklif 6 min 350 manatadək yüksəlib.
Rəsmi məlumata əsasən, iştirakçı elektron hərraca qoşulmaq üçün elektron prosedurlardan keçir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına və ya “Elektron hökumət” portalına daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməni seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh ödəndikdən sonra istifadəçiyə təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.
Onlayn rejimdə iştirak etmək istəyən şəxs komitənin rəsmi səhifəsində “Onlayn hərrac” bölməsinə daxil olaraq “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək “Hərraca qoşul” düyməsini sıxır.
Onlayn hərrac qiymətlər təklif edilməklə aparılır. Müvafiq xanaya təklif olunan məbləğ qeyd edilir. Hərrac rəqabətli keçdikdə istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1 faizindən az olmamalıdır.
Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində etməlidir. Bu zaman “İştirakçı nömrəsi” və “Cari qiymət” xanalarında hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət görünür. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.
Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənmədikdə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.