Bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin mühakiməsi başa çatıb.
Dekabrın 25-i Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun çıxardığı hökmə əsasən, Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Seymur Qarayev barəsində həbs qətimkan tədbiri seçilməyib, onun barəsində əvvəllər seçilmiş heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri qüvvədə saxlanıb.
Məhkəmə zərərçəkmiş Əli Əliyevin hüquqi varisi İmdad Əlizadənin mülki iddiasını qismən təmin edib. 166 min manatlıq mülki iddia yalnız 23 min manat (20 min maddi ziyana, 3 min mənəvi ziyana görə) həcmində təmin olunub.
İmdad Əlizadə hökmdən narazı olduğunu deyərək, apellyasiya şikayəti verəcəyini bildirib.
Dekabrın 20-də keçirilən prosesdə dövlət ittihamçısı Heydər Yusifzadə Seymur Qarayevin 3 il sürücülük hüququndan məhrum olunmaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, onun barəsində həbs qətimkan tədbiri seçilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi.
Dövlət ittihamçısı həmçinin zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiasını əsaslı sayaraq iddianın tam təmin olunmasını təklif etmişdi.
Xatırladaq ki, 2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Qarayev idarə etdiyi avtomobillə yolu piyada keçən Əli Əliyevi və digər şəxsi vurub.
Hadisə Bakıda baş verib.
Koma vəziyyətinə düşən Qarabağ müharibəsi veteranı, yazıçı-publisist Əli Əliyev 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onun müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib.
Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Müalicə xərclərindən əlavə onun dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edirdi.
Tanınmış jurnalist İmdad Əlizadə Əli Əliyevin altı övladından biridir.
Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.