Prezident İlham Əliyev dekabrın 22-də Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev Bakıda keçirilən “2017 – islam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib. Dövlət başçısı Şimali Qafqaz respublikalarından dini rəhbərlərin böyük heyətlə konfransda iştirakından məmnunluğunu ifadə edib, mütəmadi keçirilən bu cür görüşlərin Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.
İlham Əliyev qeyd edib ki, “İslam həmrəyliyi ili” elan olunmuş 2017-ci ilin başa çatmasına baxmayaraq Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək və bu baxımdan təsis olunacaq koordinasiya şurası gələcək birgə fəaliyyətin həyata keçirilməsi üçün yaxşı imkan yaradacaq.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın son illər əldə etdiyi sürətli iqtisadi inkişafın təmin olunmasında, xalqın rifah halının yaxşılaşdırılmasında cəmiyyətdə hökm sürən sabitlik, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə şəklində mehriban yaşamaları böyük rol oynayır.
Müsəlman ölkələrində narahatlıq doğuran problemlərin olduğunu deyən prezident bunların aradan qaldırılması üçün müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin böyük önəm daşıdığını deyib və Azərbaycanın bu işə bundan sonra da töhfə verməkdə davam edəcəyini vurğulayıb.