BMT Baş Məclisində Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarını rədd edən qətnamə çıxarılıb. Novator.az-ın məlumatına görə, dekabrın 21-də keçirilən səsverməyə 172 ölkənin nümayəndəsi qatılıb. Qətnaməyə əsasən, Qüdsün statusunun dəyişdirilməsini nəzərdə tutan istənilən qərar hüquqi qüvvəyə malik deyil, ləğv olunmalıdır. Sənəd ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyətləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.
128 ölkə qətnamənin lehinə olub, 35 ölkə bitərəf qalıb. Yalnız 9 ölkə sənədin əleyhinə səs verib: ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo.
BMT Təhlükəsizlik Şurası dekabrın 18-də keçirilən iclasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsini qəbul edə bilməmişdi. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü (o cümlədən daimi üzvlər Rusiya, Çin, Fransa, Böyük Britaniya) qətnamənin lehinə səs vermiş, lakin ABŞ nümayəndəsi veto hüququndan istifadə edərək layihənin qəbulunu əngəlləmişdi.
Novator.az xatırladır ki, 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünməsinə qərar verib. Həmin qərara əsasən, ərazidə İsrail və Fələstin dövlətləri qurulmalı, Yerusəlim (Qüds) beynəlxalq nəzarətə verilməli idi.
1948-ci ildə qurulan İsrail az sonra Yerusəlimi özünün paytaxtı elan edib, BMT-nin Fələstinə ayırdığı ərazilərin yarıya qədərini tutub.
1967-ci ildə İsrail Qüdsün şərq hissəsini, eyni zamanda İordan çayının qərb sahilindəki Fələstin ərazilərini işğal edib.
1988-ci ildə Fələstin müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 140-a yaxın ölkə, o cümlədən Azərbaycan tanıyıb.
2012-ci ildə BMT Fələstinə ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib. Bu o deməkdir ki, İsrail 1967-ci ildə tutduğu Şərqi Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır.
1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.
2017-ci il dekabrın 6-da Donald Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək ölkəsinin səfirliyini Tel-Əvivdən həmin şəhərə köçürmək qərarı imzalayıb.
İslam Əməkdaşlıq Təşkilatının dekabrın 13-ü İstanbulda keçirilən fövqəladə zirvə toplantısının bəyannaməsində Şərqi Qüds Fələstinin paytaxtı elan olunub. Bəyannamədə dünya ölkələri işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırılır.