Ali təhsil müzakirələrində nələr deyildi?
- 22 Dekabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Şərh
ADA Universitetində Təhsil Nazirliyi və “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin gələcəyi müzakirə olunub. Universitet rəhbərləri, deputatlar, təhsil ekspertləri, o cümlədən müəllim və tələbələrin qatıldığı diskussiyadan hesabatı dekabrın 22-də Edu.gov.az yayıb.
Aparıcı Cəsarət Valehovun sualları ətrafında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetində Verilənlərin Analizi Tədqiqat Mərkəzinin direktoru Abzəddin Adamov, deputatlar Fazil Mustafa, Vüsal Hüseynov və Tahir Mirkişili, universitetlərin müəllim və tələbələri, təhsil ekspertləri fikir mübadiləsi aparıblar.
Muradov deyib ki, universitetlərin 15-20 il sonrakı taleyi qlobal iqtisadiyyatda, bütövlükdə cəmiyyətdə hansı dəyişikliklərin gedə biləcəyini proqnozlaşdırmaq bacarığına bağlıdır: “Sovet dövründə universitetlərdən gözləntilər ondan ibarət idi ki, xalq təsərrüfatının müxtəlif sahələri üçün mütəxəssislər hazırlansın. Bazar iqtisadiyyatında bu özünü tam doğrultmur. Çünki artıq təyinat sistemi yoxdur və universitetlərin yetişdirdiyi kadrların əmək bazarında özünə layiq yer tutması bir sıra şərtlərlə mümkündür. Birincisi, universitetlərin kadr hazırlığı birbaşa olaraq əmək bazarının tələblərinə cavab vermir. Heç əmək bazarının tələbi də bəlli deyil. Üç-beş il sonra əmək bazarında fəaliyyət göstərən işəgötürənlərin taleyinin necə olacağı isə sual altındadır. Onlar rəqabətdən çıxa da bilər, çıxmaya da.
İkincisi, qəbul etsək ki, bugünkü əmək bazarında çox fəal olanlar 5 il sonra da olacaqlar, həmin işəgötürənlərin 5 il sonrakı əmək bazarı üçün əsaslandırılmış proqramı yoxdur. Burdan çıxan nəticə ondan ibarətdir ki, universitetlər əmək bazarını özü təhlil etməli, bazara işəgötürənlərin qəbul etməsi mümkün olan təkliflərlə çıxmalıdırlar”.
Muradov bundan daha vacib hesab etdiyi başqa bir problemə də toxunub: “Azərbaycanda rəqəmsal iqtisadiyyat yoxdur. Bu halda universitet gələcəkdə tələb olunan yeni iqtisadiyyatı formalaşdırmalı, yeni biznesin ortaya qoyulması üçün təkliflər hazırlamalı, əmək bazarından heç nə gözləməməlidir.
Başqa bir tərəfdən daxili əmək bazarının tələblərini əsas götürdüyümüz halda belə hazırlayacağımız mütəxəssislər dünya iqtisadiyyatı baxımından rəqabətə davamlı olmaya bilər. Çünki Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə müqayisədə daha az rəqabətlidir. Daha az rəqabətli iqtisadiyyat üçün mütəxəssis hazırladıqda rəqabətli iqtisadiyyat üçün tələb olunan kadr hazırlığı yanaşmasından uzaqlaşırıq. Universitetlər cəmiyyətin gələcəkdə formalaşa bilən strukturu üçün təhsil, tədqiqat, innovativ yanaşmanı ortaya qoymalı, cəmiyyətin düşündüyündən də irəli gedərək yeni yanaşmaları gündəmə gətirməlidir.
Çox ciddi çağırışlar var. Universitet bitirən məzun öz ixtisası üzrə 4, ya da 6 aylıq əlavə kursa ehtiyac hiss edirsə, onda həmin təhsilə yenidən baxılmalıdır. Ya universitetin təhsili həmin kurs səviyyəsinə enməlidir, ya da universitet məzunundan gözləntilərimiz dəyişməlidir”.
İsmayılzadənin fikrincə, sənaye və texnologiyalar o qədər sürətlə dəyişir ki, universitetlər onunla ayaqlaşa bilmir, geridə qalırlar: “Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Əmək bazarında hansı peşələr lazım olacağını universitetlər müəyyənləşdirənə qədər vəziyyət dəyişir. Bugünkü tələbi nəzərə alaraq ixtisas seçən tələbə həmin ixtisas üzrə təhsilini tamamladıqda əmək bazarının tələbi yenilənir. Tutaq ki, mühasibatlıqda nə dəyişəcək, hətta mühasibatlıq ixtisas kimi 4 il sonra mövcud olacaqmı, biz bunu bilmirik. Çünki robotların, süni intellektin inkişafı, proseslərin avtomatlaşdırılması nəticəsində indiki ixtisasların 30-40 faizinin tamamilə sıradan çıxacağı deyilir. Tutaq ki, otellərdə qeydiyyat bölməsindəki kadrları robotlar rahatlıqla əvəz edə bilər. Bunun artıq dünyada nümunələri də var”.
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, “innovasiya” deyəndə ağla sadəcə robotlar gəlməməlidir: “Robot iqtisadiyyatı deyil bu. Robotlar bizim tələbələr üçün rəqibdir. Çünki onlar universiteti bitirəndə həm də gələcəyin və indinin robotu ilə rəqabət aparacaqlar. Almaniyada artıq robot menecerlər belə var. Robot iş adamları üçün daha cəlbedicidir. Sadəcə elektriklə robot tələb olunan bütün işi yerinə yetirir. Gələcək universitet sadəcə robot iqtisadiyyatı üzərində proqnozlaşdırılan və formalaşan ali məktəb deyil”.
Mütəxəssisin fikrincə, Azərbaycan universitetlərinin problemli cəhəti onların beyin mərkəzi kimi zəif formalaşmasıdır: “Bir ali təhsil müəssisəsi dövlət büdcəsindən və azsaylı mənbələrdən asılı olduğu müddətdə gələcəyin universiteti kimi formalaşa bilməz. Burada korrupsiyanın aradan qaldırılması da təhsilin keyfiyyətli olması anlamına gəlmir. Bu, sadəcə şərtlərdən biridir. Əmək bazarının dəyişən tələbinin nəzərə alınmasına ehtiyac var. Universitetlər əmək bazarında olan iştirakçıların deyil, əmək bazarının dəyişən tələbini proqnozlaşdırsa, həm innovativ ixtisasları təşkil edəcək, həm də beyin mərkəzlərinə çevrilə biləcəklər”.
Adamov deyib ki, süni intellektin iqtisadiyyatın bütün sahələrində tətbiqi tibb, hüquq, bank sektorlarında və başqa sahələrdə 90 faiz daha dəqiq nəticə əldə edilməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatda üç əsas komponent var – İKT-nin cəmiyyətdə çox yayılması, bütün müəssisələrdə rəqəmsal mədəniyyətin olması, bütün cihazların bir-birinə bağlı olması, məlumat mübadiləsi: “Süni intellektin inkişafı zamanın tələbidir və bizim münasibətimizdən asılı olmayaraq onun inkişafı labüddür. Biz bu prosesdə ya yaxından iştirak edib inkişafın bir parçasına çevriləcəyik, ya da indiyədək olduğu kimi bundan sonra da kənarda qalacağıq”.
Vəziyyətdən çıxış yolu olaraq belə bir fikir səsləndirilib ki, sürətlə dəyişən sənayenin tələblərinə cavab verə bilmək üçün çevik kurikulumlar olmalıdır. İsmayılzadə deyib: “Kurikulumlar bizə mərkəzdən verilir və onu dəyişmək üçün çoxlu prosedur lazımdır. Hətta bir kurikulumu dəyişmək üçün tələb olunan müddətdə sənaye bazarı da dəyişir və yeni ixtisaslar ortaya çıxır”.
Süni intellektin inkişafı ilə bağlı müzakirələrdə Kaliforniya Universiteti nəzdində Berkli Laurens Milli Laboratoriyasında çalışan azərbaycanlı alim Asəf Salamovun “Skype” vasitəsilə əldə olunmuş müsahibəsi də təqdim edilib. O, süni intellektin inkişafından danışaraq bildirib ki, bu istiqamətdə intensiv işlər, böyük tədqiqatlar həyata keçirilsə də, hələ heç kəs bilmir bu, süni intellektə gətirib çıxaracaq, ya yox: “Yəni kompüter özü hiss edə biləcəkmi? Amma texniki tətbiqlər artıq geniş yayılıb və böyük şirkətlər ondan geniş istifadə edirlər. Kompüterlərin hissetmə imkanları ilə bağlı fikir də birmənalı deyil”.
Salamovun fikrincə, bir qrup bunun böyük inkişafa səbəb olacağına inansa da, başqa bir kəsim hesab edir ki, insanların gücsüzləşməsinə gətirib çıxaracaq. Hazırda tibb sahəsində kompüterin imkanlarından geniş istifadə edildiyini vurğulayan alim kompüterin bir çox məsələdə, məsələn, xərçəngin diaqnozunun qoyulmasında həkimdən yaxşı bildiyini vurğulayıb: “Biologiyada tətbiq etmək istəsələr də, hələlik qəti qərar yoxdur. Kompüterin gələcəkdə işsizliyə gətirib çıxara biləcəyi də problem olaraq aparılan tədqiqatların mövzusudur”.
Muradov rəqəmsal texnologiyaların tətbiqinin başqa nəticələrinə də diqqət çəkib: “Məsələn, bu tətbiq ona gətirib çıxarıb ki, ucuz işçi qüvvəsi rəqabət üstünlüyünü təmin edən amil kimi tamamilə sıradan çıxıb. İstehsalını inkişaf etməkdə olan ölkələrdə yerləşdirən inkişaf etmiş ölkələrin böyük müəssisələri artıq onu öz ölkəsinə qaytarmaq fikrinə düşür. Bu tendensiyanın getdikcə güclənəcəyi və istehsalın inkişaf etmiş ölkələrdə canlanacağı yüksək ehtimallardandır”.
Muradovun sözlərinə görə, müasir texnologiyalarda rəqəmsal texnologiyanın tətbiqi həmin məhsulların istehsalında maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaq: “İstehsalla bağlı ikinci ən vacib məsələ budur ki, insanın orqanizminin fəaliyyətini təmin edən qida məhsullarının rəqəmsal texnologiyalar vasitəsilə istehsalı mümkündür. Rəqəmsal texnologiya Azərbaycan kimi ölkələr üçün tarixi və əminəm ki, ikinci dəfə verilməyəcək şansdır. O şansı dəyərləndirə biləcək yeganə qüvvə universitetlərdir. Azərbaycanda 4-cü inqilabın elementləri tətbiq edilə bilər və rəqəmsal sənaye inqilabı Azərbaycanı sürətlə irəliyə aparar. Burada universitetlərin baxışının formalaşması həlledicidir. Birmənalı olaraq bu sahədə dövlətin dəstəyi olmadan iddianı reallaşdırmaq mümkünsüzdür. Düşünürəm ki, bu yeni fəlsəfə reallaşa bilər. Bunun üçün də universitetlər hərəkətə keçməli və dünyada sınaqdan çıxmış şəbəkə universitetlərə baxmalıdır. Rəqabət qabiliyyəti olan sahələr birləşməlidir, çünki rəqəmsal texnologiyada kiçik və böyük iqtisadiyyatlar fərqlənir”.
Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, müasir tədqiqatçıların əksəriyyətinin yazılarında “əmək bazarı” ifadəsinə rast gəlmək mümkün deyil: “Artıq “tələbat cəmiyyəti”, “tələbat cəmiyyətinin inkişafı”, “tələbat cəmiyyətinin təkamülü” anlayışları ortaya çıxır. Ümumiyyətlə, universitetləri dövlət, əmək bazarı, elmi dairələr izləyir. Əmək bazarı kadrlardan daha çox fənlərarası hazırlıq tələb edir. Kadr universiteti bitirəndən bir neçə il sonra onun hansı ali təhsil müəssisəsində təhsil aldığı əhəmiyyətini itirir. Öyrəndiklərini necə tətbiq etdiyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır.
“Universitet missiyası” adlı bir əsərdə qeyd olunub ki, universitetlər müəyyən proqramlar əsasında bilik verməli, mədəniyyəti müəyyən etməli, tələbələri elmi tədqiqatlara cəlb etməlidir. Sonra gözləməlidir ki, əmək bazarı ondan hansı kadrları tələb edəcək. Düşünürəm ki, universitetlər həmin tələbi yerinə yetirməyə çalışmalıdır. Universitet qarşısında iki məsələ var: ixtisaslar üzrə kadr hazırlığı və insanlararası münasibətlər üzrə, yəni kommunikativ bacarıqların, kompetensiyaların inkişafı”.
Muradov əmək bazarında müşahidə olunan problemə diqqət çəkərək deyib ki, rəqabətə davamlı məhsul istehsalçısı olmayan şirkətlərin tələbinə uyğun kadr yetişdirmək universitetin və onun məzunlarının keyfiyyət göstəricilərinin aşağı düşməsi deməkdir: “Rəqabətə davamlı şirkətlərdən isə tələb daxil olmur. Belə şirkətlər təlim mərkəzlərində peşə hazırlığı həyata keçirir və ehtiyac duyduğu kadrları hazırlayır”.
Deputat Tahir Mirkişili üçüncü sənaye inqilabından sonra universitetin missiyasının dəyişdiyinə diqqət çəkib: “Hətta sosial funksiyası getdikcə inkişaf etməyə başlayıb. Universitet kadr hazırlamalıdırmı? Bu sualın cavabı belə mübahisəlidir. Almaniyada sənayedə işləyənlərin 70 faizinin ali təhsili yoxdur. İsveçrədə işə düzələnlərin 80-81 faizdən çoxu peşə məktəbini qurtarıblar. Tanınmış Amerika universitetlərinin əksəriyyətinin tələbələrinə nəzər salsaq, amerikalıların orada sayının az olduğunu görə bilərsiniz. Mən də bu fikirdəyəm ki, baş verənləri bir kənara qoyub universitet cəmiyyətə yaradıcı fikir verməlidir, prosesin özünün yaradıcısı ola bilməlidir”.
Deputat Fazil Mustafa universitetlərin muxtariyyətini vacib amil olaraq qeyd edib. O həmçinin deyib ki, xaricdən mütəxəssis olaraq yetişən azərbaycanlıların gəlib öz ölkəsində işləmək istəməsi üçün mühit yaradılmalıdır: “Dünyada gedən prosesləri çevik şəkildə Azərbaycan şəraitinə uyğunlaşdırıb yeniliklərin ölkəmizdə eynisini, təkrarını yaradacaq hazırlıqlı təbəqə yetişdirmək lazımdır. Bizim nəyisə kəşf etmək potensialımız artıq inandırıcı deyil, bu sahədə çox-çox geridəyik. Nəyi daha çevik şəkildə tətbiq edə biləriksə, onun üzərində düşünməliyik”.
Müzakirələrin sonunda universitetlərin bundan sonrakı fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib. Muradov deyib ki, kadr hazırlığı əmək bazarının tələbi əsasında həyata keçirilməməlidir: “Əmək bazarının tələbi ilə kadrların yenidən hazırlanması həyata keçirilə bilər. Bilik və informasiyanı bir-birindən ayıra bilirik və bizim universitetlərdə tələbələrə çatdırdığımız daha çox informasiyadır. Ona görə də müəllimlərimizə də, elə özümə də bir sual verirəm ki, tələbə auditoriyaya niyə gəlməlidir. Tələbə informasiyanı universitetə gəlmədən, müəllimsiz də əldə edə bilər. Universitet informasiya yox, bilik verməlidir”.
İsmayılzadənin fikrincə, universitetlər üç istiqamətdə dəyişə bilər: “Birincisi, açıq onlayn kurslar təşkil olunmalı, ikincisi, sənaye və tədqiqatla birgə işləməlidir. Hazırda universitetlər qapalı müəssisələrdir. İnnovasiyalar, ixtiralar üçün açıq platformaya çevrilməlidir. Üçüncüsü isə pedaqoji üsullar dəyişməlidir. Birtərəfli qaydada informasiyanın ötürülməsi deyil, interaktiv, qrup şəklində işləmək, kommunikasiya bacarıqları inkişaf etdirmək gərəkdir”.