Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər mərhum prezident Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarətlə başlayıb.
AZƏRTAC xəbər verir ki, sonra Binəli Yıldırım Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Talıbov muxtar respublikanın yaranma tarixi barədə məlumat verərək deyib: “Naxçıvan Muxtar Respublikası 1921-ci ildə imzalanmış beynəlxalq Qars müqaviləsinə əsasında yaradılıb. Azərbaycanın tərkibində muxtar dövlət olan Naxçıvanın öz konstitusiyası, parlamenti, icra və məhkəmə hakimiyyətləri var. Ərazisi 5,5 min kvadrat kilometr, əhalisi 450 mindən artıq olan muxtar respublika paytaxt Naxçıvan şəhərindən və 7 rayondan ibarətdir.
Azərbaycan türklərinin qədim torpağı Naxçıvanda 1200-dən çox türk-islam mədəniyyəti abidəsi var. Beş min illik şəhər mədəniyyətinə malik Naxçıvan şəhəri 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı seçilib”.
Sədr qeyd edib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb: “Muxtar respublikada müasir infrastruktur yaradılıb. Təhsil ocaqlarında elektron tədris vasitələrindən istifadə olunur. Bu gün Naxçıvanda 3 ali, 3 orta ixtisas, 215 ümumtəhsil məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi fəaliyyət göstərir”.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm yeri olduğunu bildirən Ali Məclisin sədri diqqətə çatdırıb ki, təhsil, səhiyyə, mədəniyyət, ticarət, iqtisadiyyat və ordu quruculuğu sahələrində əlaqələrin inkişafı məmnunluq doğurur: “Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları təşkil edib. Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir”.
2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərindən məmnunluğunu bildirən Binəli Yıldırım ötən müddət ərzində Naxçıvanın böyük inkişafa nail olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə zirvə toplantısındakı iştirakını və çıxışını xatırladan baş nazir qeyd edib ki, Azərbaycan prezidentinin həm Qüds məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri olduqca əhəmiyyətlidir.
Baş nazir iki ölkə arasında münasibətlərin son 15 ildə sürətlə inkişaf etdiyini, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əlaqələrin daha da inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırıb. O, Türkiyə ilə Azərbaycan arasında həmçinin iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr olub.
Həmin gün Binəli Yıldırımın Naxçıvan səfəri başa çatıb.