“Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem, hətta kiçik bir anlaşılmazlıq yoxdur”. Prezident İlham Əliyev “2017 – islam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edərkən belə deyib.
Açılış mərasimi dekabrın 21-i Bakıdakı Heydər Əliyev Mərkəzində olub.
Dövlət başçısı çıxışında deyib ki, Azərbaycanda dinlər və mədəniyyətlər arasında dialoq ən yüksək səviyyədə həllini tapıb: “Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik – dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilib ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir.
Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.
Azərbaycan keçən ili “Multikulturalizm ili” elan etmişdi. Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər. Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyllər – islamofobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkənin əsas problemi Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının 20 faizinin 20 ildən çoxdur işğal edildiyini, BMT-nin münaqişə ilə bağlı dörd qətnaməsinin kağız üzərində qaldığını xatırladan dövlət başçısı deyib: “Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz işğalçı siyasətini davam etdirir”.
İlham Əliyev bildirib ki, münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır: “Münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, – bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, – tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Qeyd etdiyim kimi, dünyanın əksər ölkələri çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Ermənistan xalqı öz müqəddəratını təyin edib, onların öz dövlətləri var. İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcək. Bu, əslində çox zərərli, təhlükəli və xəstə bir məntiqdir. Ermənilər bir çox ölkədə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq.
Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir. Əli silahlı erməni quldur dəstələri soyqırımı törədiblər, zor gücü ilə torpaqlarımızı işğal ediblər, günahsız insanları bu torpaqlardan qovublar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir”.