Qarabağ müharibəsi veteranı, yazıçı-publisist Əli Əliyevin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə araşdırması başa çatır.
Hadisə 2016-cı ilin fevral ayının 14-də paytaxtda baş verib. AZAL-ın işçisi Seymur Qarayev idarə etdiyi avtomobillə yolu piyada keçən Əli Əliyevi və digər şəxsi vurub. Koma vəziyyətinə düşən Əli Əliyev 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onun müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib.
Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Müalicə xərclərindən əlavə onun dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılır.
Novator.az-ın məlumatına görə, dekabrın 20-də keçirilən prosesdə dövlət ittihamçısı Seymur Qarayevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və onun həbs edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin Seymur Qarayevin 3 il müddətinə sürücülük hüququndan məhrum olunması və zərərçəkmişin hüquqi varisi, tanınmış jurnalist İmdad Əlizadənin mülki iddiasının tam təmin olunması təklifini irəli sürüb.
İmdad Əlizadə Əli Əliyevin altı övladından biridir.
20 dekabr prosesində İmdad Əlizadə təqsirləndirilən şəxsə 50-yə yaxın sual ünvanlayıb. Seymur Qarayev sualların yalnız bir hissəsini cavablandırıb.
İmdad Əlizadə Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin videogörüntülərinin əldə olunması üçün sorğu verilməsi barədə vəsatət də qaldırıb. Vəsatət təmin olunmayıb.
Çıxışında İmdad Əlizadə bildirib ki, təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəməyib, aralarında barışıq əldə olunmayıb, buna görə də Seymur Qarayevə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ən ağır cəza – 6 il həbs cəzası verilməlidir.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.
Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.