Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” radiosunun Azadliq.org saytına və “Azadlıq” qəzetinin Azadliq.info saytına girişin məhdudlaşdırılması barədə qərardan verilmiş şikayətə baxılıb.
Sözügedən qərar bu il mayın 12-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Qərarla “Turan TV”nin Azerbaycansaati.com saytına, “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına da məhdudiyyət qoyulub. “Turan TV”, “Meydan TV” və “Azərbaycan saatı” təmsilçilərinin məhkəmə qərarını gec əldə etdiklərinə hələlik apellyasiya şikayəti verə bilmədikləri, buna görə də 19 dekabr prosesində yalnız “Azadlıq” radiosu və “Azadlıq” qəzetinin şikayətinə baxıldığı bildirilir.
Radio və qəzetin şikayətinə Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Şikayət təmin olunmayıb.
Xəbəri Azadliq.info yayıb.
Novator.az xatırladır ki, Səbail Məhkəməsi saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklayıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.
Bu il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.