Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) nizamnaməsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, dekabrın 19-da imzalanmış fərmanla AZƏRTAC-ın icra orqanının yaradılması, qurumun yenidən təşkili və ləğvi dövlət başçısının səlahiyyətinə aid edilib. Nazirlər Kabineti agentliyin işçilərinin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsinə məsuldur. Strukturun təsdiqi agentliyin öz ixtiyarındadır.
Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon) manatdır.
AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir.
Nazirlər Kabineti bir ay müddətində agentliyin İdarə Heyəti üzvlərinin və digər işçilərinin əmək haqlarını təsdiq etməlidir.
Nizamnaməsinə görə, AZƏRTAC dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayan, onu yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə operativ surətdə çatdıran, Azərbaycan Respublikasını regional və beynəlxalq media qurumlarında təmsil edən publik hüquqi şəxsdir.
Novator.az bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Teleqraf Agentliyi 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. Lakin həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrilib.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AzQafRosta adı alan agentlik 1921-ci ilin avqustunda AzərTA adlandırılıb. 1922-ci ildə SSRİ-nin təşkilindən sonra AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başlayıb. 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradılıb və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirilib. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa edib, daha sonra Azərinform adlanıb.
96 illik fəaliyyəti dövründə AZƏRTAC-ın adı 8 dəfə dəyişdirilib. Son dəyişiklik 2015-ci ildə olub: qurum Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılıb.